Konstitusiyaya nəzər saldıqda müəyyən edilir ki, Konstitusiyanın 35-ci maddəsi məhz əmək hüququna həsr edilib. Lakin maddənin məzmununa baxdıqda orada əmək münasibətlərinin qurulması üçün hər hansı yaş həddinin müəyyən edilmədiyini görürük. Amma bu o demək deyildir ki, istənilən yaşdan olan şəxslər əmək münasibətlərinə daxil ola bilərlər. Belə ki, ölkənin əsas qanununu kompleks şəkildə təhlil etdikdə aydın olur ki, Konstitusiyanın ailə, uşaq və dövlət adlı 17-ci maddəsi 15 yaşına çatmamış uşaqların işə götürülməsini qadağan edir. Bu isə o deməkdir ki, 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz.
Azərbaycan Respublikasında əmək münasibətlərini kompleks şəkildə tənzimləyən Əmək Məcəlləsi əmək münasibətlərinə daxil olmaq üçün ölkənin əsas qanununun 17-ci maddəsində nəzərdə tutulmuş normanı daha geniş və açıq şəkildə özündə ehtiva edib: “Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Burada əsas şərtlərdən biri şəxsin fəaliyyət qabiliyyətli olmasıdır. Çünki qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Həmin Məcəllənin 46-cı maddəsində isə qeyd edilir ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Sözügedən norma imperativ (məcburi) norma olub, mütləq xarakter daşıyır və həmin normanın pozulmasına görə işəgötürənlər məsuliyyət daşıyırlar.
Belə ki, əmək müqaviləsinin bağlanması zamanı qanunvericiliklə müəyyən edilmiş yaş həddi məhdudiyyətinə işəgötürənlər tərəfindən əməl edilməməsi, başqa sözlə 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsinin bağlanılması həmin müqavilələrin etibarsızlığa səbəb olmaqla yanaşı, onu bağlayan işəgötürənlərin Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən inzibati məsuliyyətinə cəlb edilməsi ilə də nəticələnir”.
Əmək qanunvericiliyi 15 yaşına çatmış fiziki şəxslərlə əmək müqaviləsi bağlanılmasına da bəzi məhdudiyyətlər müəyyən edib: “Qanunvericiliyə əsasən 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu isə o deməkdir ki, işəgötürən fiziki şəxsin 15 yaşına çatmasını rəhbər tutaraq onunla əmək müqaviləsi bağlaya bilməz. Bunun üçün fiziki şəxsin valideynlərindən və ya övladlığa götürənlərindən birinin mütləq şəkildə yazılı razılığını almalıdır. Qanunvericilikdə yetkinlik yaşına (18 yaşına) çatmamış şəxslərlə bağlanmış və (ya) bağlanacaq əmək müqavilələri ilə bağlı fiziki şəxslərin xeyrinə bir sıra əlavə müddalar da müəyyən edilmişdir.
Belə ki:
yaşı 18-dən az olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilə bilməz;
yaşı 18-dən az olan işçilər attestasiyadan keçirilə bilməz;
18 yaşınadək olan işçilər qısaldılmış iş vaxtı normasında işə cəlb edilə bilərlər: qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq ola bilməz;
sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə və yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir;
yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır;
yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz;
əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır;
Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər;
18 yaşına çatmamış işçilərin Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir;
Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır;
Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.
Beləliklə də müəyyən edilir ki, 15 yaşına çatmış, fəaliyyət qabiliyyətli fiziki şəxslərlə valideynlərindən və ya övladlığa götürənlərdən birinin yazılı razılığı ilə əmək müqaviləsi bağlanıla bilər və onlar əmək müqaviləsinin bir tərəfi qismində çıxış edə bilərlər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Qanunun mənasına görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70-dir.
Əmək Məcəlləsinin 10-1.3–cü maddəsinin tələbinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.
Sual oluna bilər ki, xüsusi xidmətləri olmuş hansı işçilərin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 31 oktyabr 2011-ci il tarixdə və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 11 noyabr 2011-ci il tarixdə “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarların tələbinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:
Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
Dövlət mükafatı laureatı olması;
1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə
Əlavə olaraq qeyd edim ki, Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır, yəni 2 nəfər ola bilər. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi hansı əsaslarla ləğv edilə bilər sualına cavab olaraq bildirirəm ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşa çatmış işçi ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən hər bir halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) ləğv edilməlidir. Daha sonra isə işçi işləməyə razılarşasa, əmək müqaviləsi 1 il uzadıla bilər. Qeyd olunduğu kimi bu proses işçinin 70 yaşına kimi davam etdirilir.
Misal olaraq işçi orta məktəbdə müəllim işləyir və 65 yaşı tamam olub. Bu halda onun işləyib-işləməsi ilk növbədə öz razılığı ilə aparılır. Əgər işçi işləməyə razılaşarsa, əmək müqaviləsi 1 il uzadıla bilər. Təhsil müəssisəsi rayon təhsil şöbəsinə tabe olduğundan həmin şöbənin müvafiq əmri ilə onun əmək müqaviləsi 1 il artırılır. Hər il bu proses davam etdirilir. 70 yaşına çatmış və “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq xüsusi xidmətləri olan müəllimlərin çalışma müddəti 5 ildən artıq uzadıla bilər.