Bu hüquq yalnız o sığortaolunanlara verilir ki, onlar dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış olsunlar.
“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:
• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 1 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – “İşsizlikdən sığorta haqqında” Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada;
• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə –Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğinə bərabər sığorta ödənişi məbləğində.
Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.
Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə “İşsizlikdən sığorta haqqında” Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.
İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.
Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.
Sığorta ödənişi almış şəxsə (“İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq) növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.
“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.3-ci maddəsində göstərilir ki sığorta ödənişi almaq hüququ olan şəxslərə , (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:
- işsiz kimi qeydiyyata alındıqdan sonra əvvəlki ardıcıl 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 35 aydan çox şəxslərə qeydiyyata alındığı tarixdən 3 ay sonra Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi məbləğində ödənilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.
Mənbə: https://vergiler.az/news/economy/14088.html