Disable Preloader

POS-terminaldan istifadədən yayınma halları

POS-terminaldan istifadədən yayınma halları

Gündəlik həyatda təmasda olduğumuz yeniliklərdən biri də POS (Point Of Sale) -terminallardır. POS-terminal təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan elektron avadanlıqdır. Bu avadanlıqdan istifadənin hüquqi şərtlərini ekspert Şəms Hüseynova şərh edir.

Nazirlər Kabinetinin 219 nömrəli 4 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı alıcılarla (müştərilərlə) hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən işlərə (xidmətlərə) görə dövlət rüsumlarının ödənilməsi üçün təsərrüfat subyektlərdə (obyektlərdə) POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər məsələlər “Azərbaycan Respublikasınn ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir. Qərara əsasən, POS-terminalların tətbiqi aşağıdakı təsərrüfat subyektlərində (obyektlərində) nəzərdə tutulub:

• vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alındığı tarixdən dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində (obyektlərində);

• təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən dövriyyəsindən və ərazisindən asılı olmayaraq idman və sağlamlıq kompleksləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətlərində;

• ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektlərində (obyektlərində);

• ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələrində;

• ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanlarında.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilir ki, təsərrüfat subyektlərində (obyektlərdə) göstərilən xidmətlərə (işlərə) görə hesablaşmaların aparılması üçün POS-terminallar quraşdırılmalıdır. POS-terminallar quraşdırılacaq təsərrüfat subyektlərinin (obyektlərin) müəyyənləşdirilməsi meyarı, ərazilər üzrə mərhələlərlə tətbiqi və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. POS-terminalların quraşdırılmaması bu maddənin ikinci hissəsinə əsasən təsərrüfat subyektlərini (obyektləri) Qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edə bilər.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılmamasına və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq oluna bilər:

• təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat;

• təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat;

• təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat.

Mənbə:https://vergiler.az/news/taxes/13735.html