Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərdə tutulur.
Misal 1. “A” MMC-nin işçi Mahmudova Gülnarənin bir illik sosial sığorta staj dövrü olmasına baxmayaraq, təşkilatda çalışdığı 5 aydır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. Misalımızda işçinin əvvəlki bir illik stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.
Misal 2. İşçinin əvvəlki iş yerlərində cəmi 3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır ki, çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.
Misal 3. İşçi ilk əsas iş yerində 4 ay müddətinə çalışmaqla yanaşı, əlavə iş yerində də 3 ay müddətdir ki, işləyir. İşçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır. İşçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan az olduğu üçün müavinət hesablanması həyata keçirilməyəcək.
Mənbə: http://mks.az/hr/publidzations/item/10745-kiml%C9%99r%C9%99-anal%C4%B1q-m%C9%99zuniyy%C9%99ti-%C3%B6d%C9%99nilmir-3-misalla-izah.html