Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və ölkənin digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunvericiliyin tələblərinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olmadan istisna hallarını isə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması, yaxud hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, hüquq pozuntunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması və məsuliyyətə cəlbetmə müddətinin qurtarması təşkil edir.
Ümumiyyətlə, şəxsin təqsirini istisna edən hallara bu kimi məsələlər daxildir:
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törənməsi;
- vergi ödəyicisinin - fiziki şəxsin xəstəlik halı ilə əlaqədar öz hərəkətlərinə nəzarət və rəhbərlik etməyi bacarmaması;
- vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törənməsi və s.
Mənbə:https://vergiler.az/news/taxes/13789.html