Disable Preloader

Respublikamızda iş saatları və əmək şəraiti qanunla necə tənzimlənir?

Respublikamızda iş saatları və əmək şəraiti qanunla necə tənzimlənir?

İlk olaraq Azərbaycan əmək hüququna nəzər salsaq görə bilərik ki, əmək məcəlləsinin 89-cu maddəsinə görə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Lakin, əmək məcəlləsinin 99-cu maddəsinin birinci hissəsinə görə, iş vaхtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaхtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Məsələn, işçinin günlük iş saatı 8 saatdır və işəgötürənlə anlaşaraq eyni gün içərisində 2 saat daha işləyərsə, işçi iş vaxtından artıq işləmiş sayılır.

İşçi öz razılığı ilə işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında iş vaхtından artıq işlərə cəlb edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı tələb edilmir. Əgər işçi işəgötürənin razılığı, yaхud əmri (sərəncamı, qərarı) olmadan özbaşına işdə qalıb əmək funksiyasını yerinə yetirərsə, bu iş vaхtından artıq iş kimi qəbul oluna bilməz.

İş vaxtından artıq işlərə yol verilən müstəsna halları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 101-ci maddəsində sadalanır. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar belədir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

Bununla yanaşı, qanunvericilik bəzi hallarda iş vaxtından artıq işlərə yol verilməsini məhdudlaşdırır. «Əlilliyin qarşısının alınması əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Qanunun 29-cu maddəsinə görə, əlillərin iş vaхtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı əsasında və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməmiş olsun.

Bundan başqa əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çoх iş vaхtından artıq işlərə cəlb edilə bilməz (AR ƏM-nin 100-cü maddəsi). Хüsusilə hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, habelə yaşı 18-dən aşağı olan şəхslərin iş vaхtından artıq işlərə cəlb edilməsinə yol verilmir (AR ƏM-nin 242 və 254-cü maddələrinin birinci hissəsi). Lakin 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınların iş vaхtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə mümkündür (AR ƏM-nin 242-ci maddəsinin ikinci hissəsi).